Nizami rayonunda 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib
03 dekabr 2021-ci il tarixində Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ziyafət süfrəsi ətrafında baş tutub.
Tədbirdə giriş sözü ilə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək, 3 dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı məlumat verib, ölkəmizdə əlillərlə bağlı aparılan dövlət siyasətinin əhəmiyyətindən, həyata keçirilən sosial proqramlardan danışıb. O qeyd edib ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən proqramlarda əlillərin reabilitasiyası və sosial müdafiəsi kimi mühüm istiqamətlər öz əksini tapır. Azərbaycanda müharibə əlillərinin də xüsusi qayğı ilə əhatə olunduğunu deyən Gülnaz İsrafilova, bu qayğının Vətən Müharibəsində qazandığımız qələbədə müstəsna rolunun olduğunu söyləyib.
Daha sonra çıxış edən Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov taleyinə həyatın sınağı yazılmış insanların cəmiyyətin diqqət və qayğısı ilə əhatələnməsinin əhəmiyyətini vurğulayıb və rəhbərlik etdiyi təşkilatların xətti ilə bundan sonra da müxtəlif sosial layihələrin həyata keçiriləcəyini bildirib. O, Azərbaycan dövlətinin, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın fiziki məhdudiyyətli şəxslərə xüsusi qayğısının hamıya örnək olduğunu söyləyərək, bu istiqamətdə səylərin birləşdirilməsinin olduqca vacib olduğunu qeyd edib.
Daha sonra çıxış edən Ağsaqqallar Şurasının Nizami Rayon Təşkilatının sədri Mayıl Əliyev, I Qarabağ Müharibəsi veteranı Sevda Səfərova Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini, şanlı Zəfər tariximizin sevincini yaşadıqlarını vurğulayıblar və bugünkü tədbirin təşkilinə görə Nizami Rayon İcra Hakimiyyətinə və Missiya Media Qrupuna təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçılarının hər birinə ərzaq sovqatı təqdim olunub.