Nizami rayonunda Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş tədbir keçirilib
23 dekabr 2021-ci il tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunun akt zalında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Deməliyəm sözün yeri gələndə” adlı tədbir keçirilib.
Yubiley tədbiri Nizami Rayon İcra Hakimiyyəti, Heydər Əliyev adına Neft Emalı Zavodu, Azərbaycan Aşıqlar Birliyi, Missiya Media Qrupu və Nizami Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Milli Məclisin deputatları Əziz Ələkbərli və Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbərliyi, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Missiya Media Qrupunun nümayəndələri, Qərbi Azərbaycan İcmasının təmsilçiləri, eləcə də rayonunun ictimai fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehtiyev Aşıq Ələsgərin Azərbaycan şifahi xalq ədəbiyyatının inkişafındakı rolundan, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsindən danışıb.
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxışında Aşıq Ələsgəri aşıq sənətinin nizamnaməsini yaradan böyük ustad kimi xarakterizə edib və bildirib ki, aşığın Azərbaycan şifahi xalq ədəbiyyatının inkişafındakı xidmətləri misilsizdir.
Millət vəkili Əziz Ələkbərli isə Aşıq Ələsgərin yaradıcılığına, bədii irsinə dövlətin böyük diqqət və qayğından söz açıb. Əziz Ələkbərli bildirib ki, dövlət ustad sənətkarın yaradıcılığının təbliğinə, kitablarının nəşr edilməsinə böyük diqqət göstərir.
Çıxış edən Missiya TV və Missiya.Az-ın baş redaktoru Nicat Dağlar bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixində Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədi daşıyır. O bildirib ki, Aşıq Ələsgərin sözü bədii zövqümüzün, sazı isə milli kimliyimizin və milli şurumuzun formalaşmasında böyük rol oynayıb.
Tədbirin bədii hissəsində tanınmış aşıqlar və gənc xanəndələr konsert proqramı ilə çıxış ediblər. Bundan başqa, tədbir boyu ustad sənətkarın müxtəlif şeirləri səsləndirilib.