Nizami rayonunda daun sindromlu və serebral iflicli uşaqlar üçün bayram tədbiri keçirilib
2021-ci il dekabrın 27-də Nizami Rayon İcra Hakimiyyəti, Qayğı Sağlam Nəsil Naminə İctimai Birliyi və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə daun sindromlu və serebral iflicli uşaqlar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir təşkil edib.
Tədbirdə Qayğı Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daun sindromlu şəxsin pianoda ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ictimai birliyin ötən yeddi ildə həyata keçirdiyi uğurlardan bəhs edən sədr qeyd edib ki, birliyin əsas məqsədi daun sindromlu və serebral iflicli uşaqları cəmiyyətə faydalı fərd kimi qazandırmaqdır: "Sevindirici haldır ki, son illər daun sindromlu və serebral iflicli uşaqları cəmiyyətə çıxaran valideynlərin sayı xeyli artıb. Burada həmin şəxslərlə işləyən qurumların və əlbəttə ki, peşəkar pedaqoqların rolu böyükdür”.
S.Abdullayeva, həmçinin Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən də danışıb. Ötən iki ilin xalqımız üçün çətinliyini vurğulayan S.Abdullayeva bildirib ki, müharibə dövründə hamımızın düşmənə qarşı bir olmağımız təqdirəlayiqdir: "Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Doğma torpaqlarımızı bizə geri qaytaran Ali Baş Komandana və ordumuzun bütün igidlərinə, qazilərinə təşəkkür edirik".
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev, Qayğı Reabilitasiya Mərkəzinin direktoru Bənövşə Məmmədova, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova və Azərbaycan Dillər Universitetinin Pedaqogika fakültəsinin dekanı Nigar Zeynalova çıxış ediblər. Çıxışlar zamanı daun sindromlu və serebral iflicli uşaqlara xüsusi dövlət qayğısının göstərilməsi, inklüziv təhsilin əhəmiyyəti, birliyin effektiv fəaliyyətindən danışılıb.
Tədbirin sonunda qazilərə, daun sindromlu və serebral iflicli uşaqlara hədiyyələr təqdim edilib, qonaqlar həmin uşaqlar tərəfindən hazırlanan nümunələrdən ibarət sərgiyə dəvət olunub.