Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

29 dekabr 2021 | 16:00

Nizami rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 29 dekabr 2021-ci il tarixində 210 №-li tam orta məktəbdə geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Vətənimiz – Azərbaycan!” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra 210 №-li tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva çıxış edərək bildirib ki, 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhədinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov çıxış edərək məlumat verib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sanır.

Tədbirdə iştirak edən şəhid ailələri adından 210 №-li tam orta məktəbin şəhid məzunu Tural Dadaşovun anası Kəmalə Dadaşova qeyd edib ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, dünyanın bütün ölkələrində məskən salmış soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətdə saxlamalı, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında bütün qüvvələrindən səmərəli istifadə etməlidirlər. Azərbaycan dilinin qorunması, inkişafı, azərbaycançılıq ideyasının təbliği harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən ümdə vəzifəsi olmalıdır.
Bu gün doğma Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimiz Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində bütün qüvvələrini birləşdirməlidirlər. Çünki bizim bir Vətənimiz var – Azərbaycan.  Kəmalə Dadaşova həmçinin şəhid ailələri adından tədbirin keçirilməsində xidməti olan hər kəsə öz minnətdarlığını bildirib və xüsusilə vurğulayıb ki, belə tədbirlərin şagirdlərimizin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli yeri vardır.

Tədbirin sonunda şagirdlərin hazırladığı “Yaşa, qalib Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, mahnılar ifa edilib, şeirlər söylənilib.

Keçidlər