Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun 32 və 12 nömrəli tam orta məktəblərində yaradılan şəraitlə tanış olmuşdur.

10 sentyabr 2014 | 15:00

   Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən Dövlət Proqramına uyğun olaraq Nizami rayonunda təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, əlavə tədris korpuslarının, uşaq bağçalarının inşası prosesi uğurla həyata keçirilir. Rayonda orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
   10 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun 32 və 12 nömrəli tam orta məktəblərində yaradılan şəraitlə tanış       olmuşdur.
    Prezident İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Qeyd edildi ki, 4 mərtəbədən ibarət olan məktəbdə 1050 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, fənn kabinetləri yüksək standartlara uyğun şəkildə əsaslı surətdə təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.
   Sonra Prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gələrək burada görülən təmir və yenidənqurma işləri ilə tanış oldu. Bildirildi ki, 12 nömrəli tam orta məktəbin binası 1974-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və ulu öndərin iştirakı ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.
Dövlət başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış oldu.

Keçidlər