Nizami rayonunda “Sağlam həyat tərzini seçirik, narkomaniyaya və dini ekstremizmə yox deyirik!” mövzusunda tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı və 62 №-li məktəb-liseyin yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə 28 yanvar 2022-ci il tarixində “Sağlam həyat tərzini seçirik, narkomaniyaya və dini ekstremizmə yox deyirik!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ziya Əliyev, Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Firdovsi Bayramov, 25-ci Polis şöbəsinin inspektoru, polis kapitanı Günel Mirzəyeva və 62 №-li məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxış edərək zərərli vərdişlərin ağır fəsadları, xüsusilə də ən ağır zərərli vərdiş hesab olunan narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz yaraları barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, narkomaniya və dini ekstremizm bu gün dünyanı ən çox narahat edən amillərdir. Məhz bu səbəbdən də gündəlik tədbirlərimizdə, keçirdiyimiz görüşlərdə yeniyetmə-gənclərə bu zərərli amillər barədə məlumatların verilməsi, onların maarifləndirilməsi ən aktual məsələlərdən sayılır.
Çıxış edənlər sağlam həyat tərzinin alternativi olmadığını vurğulayıb və yeniyetmə-gənclərin zərərli vərdişlərdən tamamilə uzaq olmağın zəruriliyini önə çəkiblər.
Tədbirdə həmçinin zərərli vərdişlər barəsində şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.
Tədbirin sonunda şagirdlərin hazırladığı zərərli vərdişlərdən bəhs edən video-çarx nümayiş olunub.