Nizami rayonunda “Bizim Böyük Qələbəmiz” kitabının təqdimatı keçirilib
15 fevral 2022-ci il tarixində Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı tam orta məktəbdə 44 günlük Vətən Müharibəsində qazanılan qələbəyə həsr olunmuş “Bizim Böyük Qələbəmiz” adlı kitabın təqdimat və tanıtım mərasimi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə hazırladığı “Bizim böyük Qələbəmiz” adlı kitab aşağı sinif şagirdləri üçün nəzərdə tutulub.
Nizami Rayon İcra Hakimiyyəti, 229 saylı tam orta məktəb və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə keçirilən tanıtım tədbirində Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və Vətən müharibəsi və şəhid ailələri ilə iş şöbəsinin müdiri Rüstəm Bayramov, habelə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Nizami rayon təşkilatının nümayəndələri, birinci və ikinci Qarabağ müharibəsinin, eləcə də aprel döyüşlərinin qazisi, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Etibar Camalov, Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun qızı Regina Kovalyova, Missiya Media Qrupun baş redaktoru Nicat Dağlar, 229 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdən öncə qonaqlar məktəbin həyətində Milli Qəhrəman Yuri Kovalyovun büstü və Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin üzərinə gül dəstələri qoyaraq onların ruhuna ehtiram nümayiş etdiriblər.
Məktəb şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriləndən sonra tədbir məktəbin akt zalında davam etdirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tanıtım tədbirində ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vüsalə Məmmədova qonaqları təqdim etdikdən sonra sözü məktəbin tarix müəllimi Nərgiz Məmmədovaya verib. Pedaqoq sözügedən kitabın azyaşlı məktəblilər üçün əhəmiyyətindən danışaraq 44 günlük Vətən müharibəsinin xalqımızın tarixi qələbəsi kimi əbədi olaraq yaddaşlara həkk olunmasından, bu tarixin gələcək nəsillərə ötürülməsinin vacibliyindən söz açıb.
Tədbirdə çıxış edənlər Vətən müharibəsindəki tarixi qələbəmizdən, milli birliyimizdən, Ali Baş Komandanın təkrarsız siyasətindən söz açaraq qələbəmizdən qürur və iftixar hissi keçirdiklərini bildiriblər, tarixi qələbəmizin əldə olunmasına görə Azərbaycan Ordusuna və Ali Baş Komandana bir daha təşəkkür edərək, təqdimatı keçirilən kitabın Azərbaycan məktəbliləri üçün əvəzsiz hədiyyə olduğunu vurğulayıblar.
Daha sonra məktəblilər qələbimizə həsr olunmuş maraqlı konsert proqramı ilə çıxış ediblər. Alqışlarla müşayət olunan musiqili kompozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.