Nizami rayonunda 26 fevral - Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin və 210 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə 24 fevral 2022-ci il tarixində 26 fevral - Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verilib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Nəticədə şəhərdə yanğınlar baş verib və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar.
Bu qırğının nəticəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, həlak olanların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 nəfər yaralanıb.
Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 yanvar 2022-ci il tarixdə “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planına əsasən Nizami rayonu üzrə də müvafiq tədbirlər planı təsdiq olunub, rayonun idarə, müəssisə və təşkilatlarında, xüsusilə də tədris ocaqlarında bir sıra silsilə anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Bəhman Hüseynov həmçinin qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Nuru İmanov çıxışında vurğulayıb ki, Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.
210 №-li tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva çıxış edərək bildirib ki, Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Tədbirin sonunda 210 №-li tam orta məktəbin şagirdlərinin ifasında “Xocalım, gözlə bizi!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, həmçinin məktəbin həyətyanı ərazisində rəmzi olaraq 30 ağac əkilib.