Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binası ilə tanış olmuşdur.
10 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binası ilə tanış olmuşdur.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Kompleksdə görülmüş işlər və yaradılmış şəraitlə ölkə başçısına məlumat vermişdir. Bildirildi ki, Nizami rayonu ərazisində inşa olunmuş Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin beynəlmiləl məktəbidir və burada təhsil ingilis dilində aparılacaq, Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya fənləri Azərbaycan dilində tədris olunacaqdır. İngilis məktəbləri sisteminə uyğun, Britaniya-Uels təhsil standartı üzrə fəaliyyət göstərəcək və 1200 şagird üçün nəzərdə tutulan Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlar 600 şagird təhsil alacaq. Məktəb kompleksində müasir üslubda tikilmiş və bütün zəruri avadanlıqlarla təchiz olunmuş 30 sinif otağı, kitabxana, 300 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, qapalı idman zalı, 2 üzgüçülük hovuzu, futbol, voleybol və basketbol meydançaları, trenajor zalı, ibtidai və orta təhsil bölmələri üçün 200 yerlik bir neçə yeməkxana və mətbəx, tibb məntəqəsi, kompyuter otaqları, eləcə də müasir SPA kompleksi və həyətyanı park yaradılmışdır. Kompleksdə təlim-tədris prosesi 3 yaşından başlayaraq məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və ali məktəblərə hazırlıq mərhələlərini əhatə edəcəkdir. Tədris prosesi hər sinif otağında 1 müəllim və 1 assistent tərəfindən aparılacaq. Müəllimlər beynəlmiləl məktəblərdə iş təcrübəsinə və müvafiq sertifikatlara malik əcnəbi vətəndaşlar, assistentlər isə ingilis dilli yerli müəllimlərdən ibarətdir. Kompleksdə ümumilikdə 32 əcnəbi və 28 yerli müəllim işləyəcəkdir.
Təhsil kompleksində 80 nəfərlik yeni tipli uşaq bağçasında təlim proqramları Azərbaycan və ingilis dillərində tədris olunur. Balacalara dil və riyaziyyatın əsasları əlvan, teatrlaşdırılmış, yaddaqalan şəkildə öyrədilir. Əsas kontingent 3-4 yaşlı uşaqlardır. 5 yaşlılar isə birinci sinfə hazırlıq kursu keçirlər.
Həmçinin qeyd edildi ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir.