Nizami rayonunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Qarabağa gedirik" adlı anım tədbiri keçirilib
25 fevral 2022-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Mədəniyyət Mərkəzi və 251 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Qarabağa gedirik" adlı anım tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Deputat Qərargahının nümayəndəsi Süsən Salmanova, Rayon Mədəniyyət Mərkəzinin müdiri Laura Quliyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Məhi Mehtiyev, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev iştirak ediblər.
Öncə qonaqlar məktəbin foyesində təşkil olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Məktəbin 6-cı sinif şagirdi Rəhilə Cəbrayılovanın ifasında "Qarabağ şikəstəsi"nin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı faciəsinin reallıqlarını əks etdirən videoçarx nümayiş edilib və məktəbin şagirdləri tərəfindən faciəyə həsr olunan əbəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktını həyata keçirdiyini və həmin günün Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi yazıldığını, soyqırımı nəticəsində 613 nəfər dinc sakinin vəhşicəsinə öldürüldüyünü, 1000 nəfər müxtəlif yaşlı sakinlərin aldıqları güllə yarasından əlil olduğunu və faciə baş verən gecə 1275 nəfərin girov götürüldüyünü qeyd edib və bildirib ki, Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq dünya ictimaiyyəti tərəfindən mühakimə olunmalıdır.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Deputat Qərargahının nümayəndəsi Süsən Salmanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Məhi Mehtiyev, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxışlarında Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək, Ermənistan rəhbərliyinin bu soyqırımı törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi daşıdığına baxmayaraq, bu hadisələrin Azərbaycan xalqının əzmini qıra bilmədiyini söyləyiblər. Natiqlər qeyd ediblər ki, faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm dövlət səviyyəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən ötən illər ərzində istər respublika daxilində, istərsə də respublikadan kənarda çoxlu səylər göstərilib, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, fotolar dərc edilib, sənədli və bədii kitablar buraxılıb, sərgilər keçirilib.
251 nömrəli tam orta məktəbin direktoru Aygün Əzizova çıxışında Azərbaycanın ərazi bütövlüyünün qorunması, işğal altında olan torpaqların azad olunması uğrunda aparılan döyüşlərdə qazanılan qələbənin Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdığını söyləyib və qürur hissi ilə qalib ölkənin vətəndaşı olduğunu vurğulayıb.
Tədbirin sonunda məktəbin şagirdlərinin "Qarabağa gedirik" şüarları ilə hərbi paradı keçirilib.