Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun rayon sakinləri ilə səyyar qəbul-görüşü keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun 02 mart 2022-ci il tarixində 32 nömrəli tam orta məktəbdə Q.Qarayev prospekti 8, Ə.Kürçaylı küçəsi 6, Özbəkistan küçəsi 5, K.Balakişiyev küçəsi 8a, 3 və İ.Müzəffəroğlu küçəsi 1 ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 18 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin edildiyini qeyd edib və dövlət başçısının yerlərdə vətəndaşlarla daim görüşlərin keçirilməsini, onların problemlərini özlərindən eşitməyi tapşırdığını söyləyib. Pandemiyanın zəifləməsi ilə əlaqədar səyyar görüşlərin yenidən bərpa olunduğunu qeyd edən C.Cəbrayılov, sakinlərlə həftədə bir dəfə olmaqla rayon ərazisində səyyar görüşlərin keçiriləcəyini və onları narahat edən problemlərin həlli üçün müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Coşqun Cəbrayılov 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz qətiyyətini, Şanlı Ordumuzun qüdrətini, xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdiyini xüsusilə vurğulayıb və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm abadlıq-quruculuq işlərindən məlumat verib.
Eyni zamanda, Coşqun Cəbrayılov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında milli-mənəvi dəyərlərimizin qorunması və dünya miqyasında təbliği istiqamətində həyata keçirilən qlobal layihələrdən, habelə erməni vandalizmi nəticəsində dağıdılmış mədəni-dini abidələrin və məscidlərin bərpası işlərindən söz açıb.
Qəbulda sakinlərin müraciətləri dinlənilib, rayon rəhbəri tərəfindən onların verdikləri suallar ətraflı cavablandırılıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.