Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva rayonda əsaslı təmirdən sonra 175 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
3 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak etmişlər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 6 qrup üzrə 110 uşağın tərbiyə aldığı məktəbəqədər təhsil müəssisəsinin əvvəl 2 korpusdan ibarət olduğunu və bağçaya olan tələbatı nəzərə alınaraq bu il burada yeni korpusun inşa edildiyini, əvvəlki korpusda isə əsaslı təmir işləri aparıldığını, bununla da bağçada qrupların sayının 6-dan 12-yə, uşaqların sayının isə 230 nəfərə çatdırıldığını bildirdi. Müəssisədə 70 nəfərdən ibarət heyətin 2-3 və 3-6 yaş arasında olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olacağını, 12 qrupdan 10-u Azərbaycan, 2-si isə rusdilli qrup olduğunu diqqətə çatdırdı.
Bağçada uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi üçün “Vətənpərvərlik guşəsi”, ingilis dili və kompyuter otaqların yaradıldığı qeyd edildi.
Həmçinin bildirildi ki, ikinövbəli müəssisədə “planetari” guşəsi, idman zalı, futbol, qolf meydançaları, uşaqların yol hərəkəti qaydalarını öyrənmələri üçün xüsusi meydança, istirahət guşələri yaradılmışdır.