Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

25 oktyabr 2014 | 15:00

25 oktyabr 2014-cü il tarixində İcra Hakimiyyətində 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İclasda millət vəkili Rasim Musabəyov iştirak edirdi.
İclası giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov 2014-cü ilin doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini qeyd edərək, rayonumuz ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində istehsalın inkişafına xüsusi diqqət yetirildiyini, yeni istehsalat sahələri açıldığını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparıldığını söylədi. O, rayonun sosial-iqtisadi inkişafı barədə daha ətraflı məlumat verilməsi üçün sözü Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyevə verdi.
2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə edən İ.Mehdiyev rayonun sənaye müəssisələrinin inkişaf tempi ilə işlədiyini, bir çox yenidənqurma işləri aparıldığını, istehsalın əvvəlki illərə nisbətən artdığını qeyd edərək, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən hesabat dövründə 347,4 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çox məhsul istehsal edildiyini, istehlakçılara 353,3 milyon manat dəyərində məhsul göndərildiyini,  295,6 milyon manat həcmində podrat işlərinin yerinə yetirildiyini, bütün maliyyə mənbələri hesabına əsas kapitala 183,4 milyon manat həcmində investisiya yönəldildiyini, 1003 yeni iş yeri açıldığını nəzərə çatdırdı. Həmçinin 2014-cü ilin doqquz ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlərin həyata keçirildiyini bildirdi.
Daha sonra “Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Vüqar Həsənov və Nizami Qaz İstismar sahəsinin rəisi Sahib Bağırov hesabat dövründə gördükləri işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
59 №-li uşaq bağçasının müdiri Rəna Süleymanova cənab Prezidentin uşaq bağçalarının əsaslı təmirinə və yenidənqurulmasına xüsusi diqqət yetirdiyini qeyd edərək, artıq yeni uşaq bağçalarının inşa edildiyini, əlavə korpusların tikildiyini, bununla da  uşaq bağçalarında olan  tələbatın təmin edilməsi istiqamətində  önəmli  addımlar atıldığını  diqqətə çatdırdı.
Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkili, istedad və qabiliyyətlərinin üzə çıxarılması, gənc nəslin respublikanın layiqli vətəndaşı kimi müstəqil həyata hazırlanması istiqamətində mərkəzin gördüyü işlərdən söz açaraq, Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqəli işlədiklərini vurğuladı.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı T.Budaqov çıxış edərək “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq  tikintisi, yenidənqurulması və həmçinin  əsaslı təmirinə 2013-cü ildə başlanılmış işlərin başa çatdırıldığını, eyni zamanda, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən görülən işləri nəzərə çatdırdı və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
İclasın sonunda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüş təhsil işçiləri rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldılar.

Keçidlər