“Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” və “Payız-qış mövsümünə hazırlığın yekunları” mövzusunda müşavirə keçirilmişdir
19 noyabr 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” və “Payız-qış mövsümünə hazırlığın yekunları” mövzusunda müşavirə keçirildi.
Müşavirədə FHN Bakı Regional Mərkəzinin istismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi, polkovnik-leytenant Elgün Ələkbərov “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, III Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı, daxili xidmət polkovnik-leytenantı Təyyar Paşayev “Yanğın təhükəsizliyinin problemləri və onların həlli yolları” və Nizami Rayon Dövlət Yanğından Mühafizə hissəsinin növbə rəisi, kapitan Ruslan Yusifov “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” məruzələri ilə çıxış etdilər.
Sonra yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar nümayiş olundu.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi İstismar şöbəsinin rəisi İmran Məmmədov enerji təchizatının və Rayon Qaz İstismarı Sahəsinin rəis müavini Ramin Ağayev qaz təsərrüfatının mövcud vəziyyəti, problemləri və həlli yolları, “Azəristiliktəchizat” ASC-nin 16 №-li İstilik Sistemləri İstismar sahəsinin rəisi Mustafa Əhmədov rayon təsərrüfatının payız-qış mövsümündə istiliklə təchizatı barədə məruzə etdilər.
Müşavirədə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov rayon ərazisindəki yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti və Nizami Rayon 6 №-li Köməkçi Təcili Tibbi Yardım stansiyasının baş həkimi Vəsilə Abuşova yanğın zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları haqqında ətraflı çıxış etdilər.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Babək Tatlıyevin “Payız-qış mövsümünə hazırlığın yekunları” barədə hesabat məruzəsi dinlənildi.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev çıxış edərək, mərkəz tərəfindən İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatları ilə 4 il ərzində ardıcıl keçirilən maarifləndirici tədbirlər nəticəsində rayon ərazisindəki bir çox yerlərdə yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil olmasına əngəl yaradan dəmir dirəklərin və şlaqbaumların, binalararası beton maneələrin yığışdırılmasında, mövcud olan problemlərin həlli istiqamətində xeyli işlərin görüldüyünü qeyd etdi.
Müşavirəni yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Budaqov bu kimi tədbirlərin bundan sonra da davam etdiriləcəyini, yarana biləcək problemlərin vaxtında qarşısının alınmasında Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının işini planlı şəkildə qurmasının vacibliyini vurğuladı.