Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət Neft Fondunun yeni inzibati binasının açılışında iştirak edib

29 dekabr 2014 | 16:00

2014-cü il 29 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak ediblər.
    2009-cu il dekabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə Neft Fondunun yeni inzibati binasının təməli qoyulub. Ötən müddətdə ən müasir standartlar səviyyəsində aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb.
    Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezident İlham Əliyevə yeni inzibati bina haqqında məlumat verdi.
    Qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir. Dövlət Neft Fondunun yeni binası “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.
    Binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. Burada Ulu Öndərin heykəli qoyulub. Birinci mərtəbənin yarımmərtəbəsində kitabxana yerləşir. Birinci mərtəbədə yerləşən gözləmə və istirahət sahələrindən ibarət olan “Petroleum lounge” daxili pilləkənlər vasitəsilə kitabxana ilə əlaqələndirilib. Binada ən müasir standartlara cavab verən 7 lift quraşdırılıb.
   Prezident İlham Əliyevə Fondun yeni inzibati binasının tikintisinin gedişi ilə bağlı qısa film nümayiş etdirildi.
   Yeni binadakı akt salonu 200 nəfərlikdir. 150 nəfərlik yeməkxana da müasirliyi və orijinal dizaynı ilə diqqəti cəlb edir. Konfrans salonunda 40 nəfərin iştirakı ilə müvafiq tədbirlər keçirmək mümkün olacaq. Bütün otaqlar və zallar ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunub. Burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb.
   Binada informasiya texnologiyalarının normal işini təmin etmək məqsədilə müasir “Data Center” yaradılıb. Həmin mərkəz hesabına fasiləsiz, etibarlı e-mail, İP telefoniya, simsiz şəbəkə, audio-video telekonfrans, İPTV, videomüşahidə, mərkəzləşdirilmiş anten və müvafiq proqram sistemləri təmin olunub.
  Burada Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi quraşdırılıb. İnsan müdaxiləsinin minimuma endirildiyi həmin sistemdə inzibati binanın texniki, təhlükəsizlik və informasiya texnologiyaları məsələləri mərkəzləşib. Binanın havalandırılması da müasir BMS proqramı vasitəsilə həyata keçirilir. Ekoloji məsələlər də xüsusi diqqət mərkəzində saxlandığından bura yaşıl bina standartlarına cavab verir.
   Binada alternativ enerjidən istifadə məqsədilə ərazidə günəş panelləri quraşdırılıb.
   Binanın zirzəmi hissəsində ən müasir standartlara cavab verən yeraltı avtomobil dayanacağı da inşa olunub.
   Yeni inzibati bina ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Keçidlər