Nizami rayonunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
1990-cı ilin 20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, həmçinin ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir.
Rayonun bütün ümumtəhsil məktəblərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan xüsusi guşələr yaradılmış, şagirdlərin əl işlərindən ibarət sərgi açılmış, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilmiş, rəsm müsabiqələri təşkil olunmuş, 19 yanvar 2015-ci il tarixində təhsil ocaqlarında ilk dərslər “20 Yanvar” faciəsinə həsr olunmuşdur.
17 yanvar 2015-ci il tarixində 12 nömrəli orta məktəbdə “Qanlı və şanlı gecə” mövzusunda ümumrayon tədbiri keçirilmiş, məktəbin foyesində faciəni əks etdirən rəsm sərgisi nümayiş etdirilmiş, akt zalında isə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Mərkəzi Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi təşkil edilmiş və “Qan yaddaşımız” adlı ədəbi-bədii gecə keçirilmişdir.
19 yanvar 2015-ci il tarixində “Komfort” istirahət mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmiş, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid və əlil olanların ailələrinə ehsan süfrəsi açılmış və maddi yardım göstərilmiş, həmçinin rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən faciəni əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkili Sədaqət Vəliyeva, 20 Yanvar şəhid ailəsinin üzvü Ziyafət Rüstəmova və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Məhi Mehdiyev çıxış edərək, 20 Yanvar hadisəsinin xalqımızın yaddaşına qanlı faciə kimi daxil olmasına baxmayaraq, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil etdiyini, bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin və cəsur Vətən övladlarının adlarının böyük hörmət və ehtiramla əziz tutulduğunu qeyd etdilər.
20 yanvar 2015-ci il tarixində rayon ictimaiyyətinin nümayəndələri Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına ziyarət etmişlər.