Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir
22 yanvar 2015-ci il tarixində 70 saylı məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov açaraq, Nizami rayonunda son bir ildə görülən işlərdən, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışdı. Sonra Q.Məmmədov 2014-cü ildə görülən işlər barədə məlumat vermək üçün sözü Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədova verdi.
Ə.Əhmədov məruzə ilə çıxış edərək, 3 nömrəli Sahə inzibati ərazi dairəsinin əhalisinin 80712 nəfər olmaqla 4,4 km2 ərazini əhatə etdiyini, ərazidə 288 yaşayış binasının, 250-yə yaxın həyət evlərinin olduğunu diqqətə çatdırdı. O, “2011-2013”-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”na uyğun olaraq 175 saylı uşaq bağçası-körpələr evinin əsaslı təmir edildiyini, həmçinin 120 yerlik (6 qrup) əlavə korpusun tikildiyini, 61 saylı orta məktəbin idman meydançasının əsaslı təmir olunduğunu, burada süni örtüklü voleybol, basketbol və futbol meydançalarının qurularaq sakinlərin istifadəsinə verildiyini nəzərə çatdırdı. Eyni zamanda, xidmət sahələri tərəfindən görülən işlərdən danışan nümayəndə ərazidə müxtəlif ünvanlarda ümumilikdə 23223 m2 dam örtüyünün təmir edildiyini, binaların zirzəmilərindəki su və kanalizasiya xətlərində cari təmir işləri aparıldığını, 1232 p/m tüstü bacasının təmizləndiyini, 761 p/m içməli və 950 p/m çirkab su boru xəttinin, 870 p/m su navalçasının təmir olunduğunu, təxminən 1290 ədəd mexaniki qaz sayğacının yeni elektron “Smart-kart“ tipli sayğaclarla əvəz edildiyini, ərazidəki Transformator Məntəqələrində cari təmir işlərinin aparıldığını, müxtəlif yaşayış binalarında 0,4 kV-luq yeraltı kabel xətlərinin yeni kabel xətləri ilə əvəz olunduğunu və aşağıpaylama istilik xətlərinin əsaslı təmir edildiyini vurğuladı.
Sonra məruzə ətrafında 70 nömrəli məktəb-liseyin direktoru Nazim Qasımov, 25 saylı Nizami ikinci seçki dairəsinin sədri Heydər Vəliyev, Enerji Təchizatı və Satışı İdarəsi İstismar Sahəsinin rəisi İmran Məmmədov və “Lifttəmir” İB “Temp” dövlət müəssisəsinin rəhbəri Üzeyir Aslanov çıxış etdilər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov rayonun daha da abadlaşdırılması və inkişafı istiqamətində bütün sahə inzibati dairələrinin və xidmət sahələrinin səylə çalışmalı olduqlarını qeyd etdi.