Rayonda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində tədbir keçirilmişdir
11 fevral 2015-ci il tarixində 12 №-li orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlanmış “Həyatla oyun” adlı teatr tamaşasının nümayişi ilə bağlı geniş ictimaiyyət nümayəndələrinin, o cümlədən əsasən gənclərin, müəllim və valideynlərin, yaşlı nəslin nümayəndələrinin və bir sıra dəvət olunmuş qonaqların iştirakı ilə tədbir keçirilmişdir.
Tədbiri Rayon Komissiyasının sədri, Nizami Rayon İcra Hakimiyyəti başçının müavini Gülnaz İsrafilova açmış, narkomaniyanın və QİÇS-in sosial bəla olmasından, onların cəmiyyətdə törətdiyi fəsadlardan, verdiyi zərərlərdən məlumat vermiş, bu bəlalara qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin, cəmiyyətin maariflənməsinin zəruriliyini tədbir iştirakçılarının nəzərinə çatdırmış və yeniyetmə-gənclərin zərərli vərdişlərdən qorunması sahəsində bu cür tədbirlərin böyük maarifləndirici əhəmiyyət daşıdığını qeyd etmişdir.
Sonra “Həyatla oyun” tamaşası nümayiş etdirilmişdir.
Tədbirin sonunda komissiyanın sədri Gülnaz İsrafilova, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Keşlə qəsəbəsində yerləşən 201 №-li məktəbin direktoru Süsən Salmanova, habelə valideyn və şagirdlər çıxış edərək tamaşanın maarifləndirmə sahəsində çox təsirli təbliğat vasitəsi olduğunu bildirmiş, belə tədbirlərin gələcəkdə rayonun digər məktəblərində də keçirilməsi məqsədəuyğun hesab edilmişdir.