Nizami Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
18 fevral 2015-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, Rüfət Quliyev, İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və KİV nümayəndələri iştirak etmişlər.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etmiş, sonra rayonun qabaqcıl sənaye müəssisələrinin istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxış keçirmişlər.
Akt zalında davam edən yığıncağı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov keçən il ərzində qarşıya qoyulan vəzifələrin icra edildiyini, 2014-cü ilin rayonun sosial-iqtisadi inkişafında əlamətdar hadisələrlə yadda qaldığını qeyd edərək, yığıncaq iştirakçılarını rayonun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş “Nizami rayonu – 2014” videofilminə baxmağa dəvət etdi.
Filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın iştirakı ilə 2014-cü ildə Nizami rayonunda yenidən qurulmuş, inşa olunmuş müəssisə və sosial obyektlərin açılış mərasimləri, ümumilikdə rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, idman və kommunal-təsərrüfat sahələrində əldə olunmuş uğurlar, rayonda aparılan abadlıq-quruculuq işləri və keçirilən tədbirlər, həmçinin I Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər əks olunmuşdur.
Filmin nümayişindən sonra millət vəkilləri – Sədaqət Vəliyeva, İqbal Məmmədov, Rüfət Quliyev, Flora Qasımova, Rasim Musabəyov, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış etmişlər.
Yığıncağın ikinci hissəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək, mediaya dövlət tərəfindən dəstək göstərildiyini, ölkədə fikir, söz azadlığının inkişaf etdirildiyini, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əməli işlər görüldüyünü diqqətə çatdırdı.
Sonra Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında KİVDF-in 24 noyabr 2014-cü il tarixdə birgə elan etdikləri “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsində I, II və III yerləri tutmuş 6 jurnalist və həvəsləndirici yerlərə layiq görülmüş 15 jurnalist mükafatlandırılmışdı.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.