Rayonda Xocalı soyqırımı hadisələrinin 23-cü ildönümü ilə bağlı tədbirlər keçirilmişdir
Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti ən dəhşətli faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Xocalı şəhərinin işğalı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 adam girov götürülmüş, 150 nəfər itkin düşmüş, şəhərin özü isə yerlə-yeksan edilmişdir. Bu faciənin nəticəsində onlarca uşaq, qadın və qoca güllələnmiş, 8 ailə tamamilə məhv edilmişdir.
Respublikanın bütün bölgələrində olduğu kimi Nizami rayonunda da Xocalı soyqırımı hadisələrinin 23-cü ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirlərdə millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
25 fevral 2015-ci il tarixində 238 saylı orta məktəbin foyesində soyqırımı aktını əks etdirən rəsm sərgisi təşkil olunmuş, akt zalında şagirdlərin hazırladığı “Xocalı panoramı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. “Xüdafərin” istirahət mərkəzində keçirilmiş ümumrayon tədbirində Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etmiş, tədbirin sonunda rayonda məskunlaşmış Xocalıdan olan ailələrə maddi yardım göstərilmiş və Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.
Tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov və rayon ərazisində məskunlaşmış Xocalıdan olan köçkünlər çıxışlarında XX əsrin dəhşətli hadisələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımının insanlığa qarşı törədilən ən amansız faciələrdən sayıldığını, soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini, Xocalı faciəsinin bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayət aktı olduğunu qeyd edərək, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarının yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə etdilər.
26 fevral 2015-ci il tarixində rayon ictimaiyyətinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə ziyarəti təşkil edilmiş və soyqırımı nəticəsində həyatlarını itirmiş vətən övladlarının xatirəsi ehtiramla yad olunmuşdur.
.