Şriftin ölçüsü :

Saytın rəngi :

I Avropa Oyunlarına hazırlıqla bağlı Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir

09 aprel 2015 | 15:00

09 aprel 2015-ci il tarixində “I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda Nizami  Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin əməkdaşları, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin nümayəndələri, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ilk dəfə Avropa oyunlarının Azərbaycanda keçirilməsinin son illərdə respublikada aparılan sosial-iqtisadi islahatların, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqətin, qayğının təzahürü olduğunu və  Azərbaycan üçün etimadla yanaşı böyük məsuliyyət olduğunu qeyd etdi. O, Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın sədr təyin olunduğunu, qısa müddətdə I Avropa oyunlarına hazırlıq istiqamətində xeyli işlər görüldüyünü söylədi. Son dövrdə Azərbaycanda idman infrastrukturunun inkişafı ilə bağlı  çox böyük işlər görüldüyünü, nəinki idman, eyni zamanda  nəqliyyat infrastrukturu, həmçinin Avropa oyunlarının keçirilməsi üçün turizm  obyektlərinin istifadəyə verildiyini diqqətə çatdırdı. Milli Gimnastika Arenasının, Atletlər kəndinin Nizami rayonunun ərazisində yerləşdiyini, Bakı Olimpiya stadionun Sabunçu rayonu ilə Nizami rayonun sərhədində olduğunu qeyd edən T.Budaqov, rayonun üzərinə daha böyük məsuliyyətin düşdüyünü bildirdi.
Sonra T.Budaqov tədbirin əsasən Avropa oyunlarının keçirilməsi dövründə təhlükəsizlik tədbirlərinə həsr olunduğunu qeyd edərək, sözü Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyevə verdi.
Tale Şamçıyev I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri barədə nümayiş olunan videogörüntülər əsasında I Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı, məsul təşkilatların üzərinə düşən vəzifələr, obyektlərdə asayişin qorunması, fövqəlada halların qarşısının alınması barədə ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Əməliyyatları üzrə obyektlərin meneceri David Stor Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən, çoxşaxəli idman mühitində mövcud ola biləcək təhlükəsizlik problemlərindən, idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılacaq əməliyyatlar haqda məlumat verərək, yüksək təbəqəli idman növlərinin Bakının heyrətamiz təşkilatçılığı sayəsində tərənnüm ediləcəyi ilk Avropa oyunlarını təşkil etmək və Azərbaycanı müasir və dinamik bir ölkə kimi dünyaya təqdim etmək niyyətində olduqlarını bildirdi.
Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qərib Məmmədov I Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən tədbirlər barədə, Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində ictimai təhlükəsizliyin təşkili haqqında, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov rayon ərazisində, eləcə də istirahət obyektlərində sanitar təhlükəsizliyinin təmin edilməsi haqqında və 6 №-li Köməkçi Yardım Stansiyasının müdiri Vəsilə Abuşova oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi barədə məruzə ilə çıxış etdilər.
Tədbirə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ictimai iaşə obyeklərinin fəaliyyətində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət olunması, ictimai asayişin təmin edilməsi, xoşagəlməz hadisələrin baş verməməsi üçün profilaktik tədbirlərin görülməsi, qonaqların olimpiada dövrü müddətində rayonda olduqları zaman onlara göstəriləcək xidmətlərin yüksək səviyyədə olmasının təmin edilməsi sahəsində aidiyyatı qurumların üzərinə düşən vəzifələri səylə yerinə yetirmələrini vurğulayaraq, cənab Prezident İlham Əliyevin gərgin fəaliyyəti ilə Azərbaycanın nüfuzunun qaldırılmasında ona dəstək olmaqla ilk Avropa Oyunlarının Beynəlxalq idman tarixinə şərəfli bir səhifə kimi yazılmasına nail olacağımızı söylədi.

Keçidlər