10 nömrəli orta məktəbdə Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir
11 aprel 2015-ci il tarixində Nizami rayonu 10 nömrəli orta məktəbdə Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva iştirak etmişdir.
Tədbir 10 nömrəli orta məktəbin şagirdləri tərəfindən Hüseyn Cavidin yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişi ilə başladı.
Nümayişdən sonra çıxış edən Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, millət vəkili Sədaqət Vəliyeva, Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev məktəbin direktoru Leyla Məmmədovaya və şagirdlərə hazırladıqları kompozisiyaya görə minnətdarlıqlarını bildirərək, klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardan olan şair, dramaturq Hüseyn Cavidin söykəndiyi həqiqətin bircə mənası xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək arzusunda olduğunu söyləyərək, onun yaratdığı əsərlərin Azərbaycan xalqının milli sərvəti olduğunu qeyd etdilər.
Tədbirə yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycanın dahi sənətkarlarından olan Hüseyn Cavidin dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirərək, onun əsərlərinin əsas ideyasını insanın, cəmiyyətin mənəvi oyanışı və azadlığı, bəşəriyyətin mənəvi eybəcərlik və məşəqqətlərdən xilası, gözəllik, həqiqət və xeyirxahlıq təşkil etdiyini söylədi. Hüseyn Cavid sənətinin janr və forma cəhətdən zəngin olduğunu, onun lirik şeirlərin, poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olduğunu qeyd edən T.Budaqov ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında da Cavid dramaturgiyasının mühüm rol oynadığını nəzərə çatdırdı. Azərbaycan klassiklərinin yaradıcılığına böyük önəm verən ümummilli lider Heydər Əliyevin onların tədqiq və təbliğinə, Vətən və millət qarşısındakı xidmətlərinin dəyərləndirilməsinə qayğı və diqqətini bir an belə əsirgəmədiyini qeyd edən T.Budaqov Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərən ulu öndərin onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında çəkdiyini, Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə Hüseyn Cavidin qəbrinin Uzaq Sibirdən Naxçıvana köçürülərək məzarı üzərində memarlıq-xatirə kompleksinin ucaldıldığını və 120 illik yubileyində isə Ev Muzeyinin açıldığını diqqətə çatdırdı. Sonda T.Budaqov 10 nömrəli məktəbin kollektivinə və şagirdlərə öz təşəkkürünü bildirərək, Hüseyn Cavid yaradıcılığının bu gün və gələcək nəsillər üçün dərslik kitabı olduğunu, dünyanın Hüseyn Cavidi tanıması istiqamətində çalışmalı olduğumuzu vurğuladı.