28 May Respublika Günü münasibətilə Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir
26 may 2015-ci il tarixində Rayon İcra Hakimiyyətində 28 May Respublika Günü münasibətilə "Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, Flora Qasımova və Musa Quliyev iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov iştirakçıları qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik edərək, müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu diqqətə çatdırdı.
Sonra millət vəkili Musa Quliyev "Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda məruzə ilə çıxış edərək, qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın çar imperiyasının müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildiyini qeyd etdi və xalqımızın qabaqcıl ziyalılarının başçılığı altında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla bütün şərq xalqlarının mübarizə simvoluna çevrildiyini bildirdi. Məhz Xalq Cümhuriyyətinin özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı olduğunu, 23 ay mövcud olmasına baxmayaraq, dövlətçilik tariximizdə mühüm rol oynadığını söylədi. M.Quliyev XX əsrin sonlarında yenidən müstəqillik əldə edən Azərbaycan dövlətinin ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və yorulmaz fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtulduğunu, ümummilli liderin həmin dövrdə ciddi təhdid və təhlükələr qarşısında olan müstəqilliyimizi qoruduğunu və hazırda müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoyduğunu diqqətə çatdırdı.
Sonra millət vəkilləri S.Vəliyeva, R.Musabəyov və F.Qasımova məruzə ətrafında çıxış etdilər.
Tədbirin sonunda Bakı şəhəri Nizami rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış şəxslər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildilər və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdə və “Gül bayramı”nda fərqlənənlər, “Şahin” hərbi-idman oyununun qalibləri mükafatlandırıldılar.