Rayonda 110 və 172 nömrəli körpələr evi-uşaq bağçalarında yeni korpusların açılışı olmuşdur
Son illərdə məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, əsaslı təmiri və yenilərinin tikilməsi ilə bağlı bir çox tədbirlər həyata keçirilir. Bu prosesdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm rol oynayır. Fondun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı Proqramı” çərçivəsində paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlər görülmüş və hazırda bu işlər davam etdirilir.
Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı Proqramı” çərçivəsində məktəbəqədər müəssisələrdə mövcud vəziyyət nəzərə alınaraq Nizami rayonundakı 110 və 172 nömrəli uşaq bağçalarının ərazilərində yeni əlavə korpuslar tikilmişdir.
1 iyun 2015-ci il tarixində Uşaqların Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva 110 və 172 nömrəli körpələr evi-uşaq bağçalarında yeni korpusların açılışında iştirak etmişdir.
İlk öncə 110 nömrəli körpələr evi-uşaq bağçasına gələn Mehriban xanım Əliyevaya məlumat verildi ki, 1965-ci ildən fəaliyyət göstərən bağça 12 qrup 220 uşaq yerlikdir. Bağça “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 2011-ci ildə əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən inşa olunmuş ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəli əlavə korpusun 4 qrup 80 yerlik olduğu nəzərə çatdırılmışdır.
Sonra 172 nömrəli körpələr evi-uşaq bağçasına gələn Azərbaycanın birinci xanımına məlumat verildi ki, 1971-ci ildən fəaliyyət göstərən bağça 12 qrup 230 uşaq yerlikdir. Bağça “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən inşa olunmuş ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəli əlavə korpusun 4 qrup, 80 yerlik olduğu bildirilmişdir.