Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir
02 iyun 2015-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyi ilə birgə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkili Sədaqət Vəliyeva, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri, “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin rəhbəri Sevinc Abdullayeva, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk iştirak etmişlər.
Tədbirdə çıxış edənlər ölkəmizdə dövlət uşaq siyasətinin milli strategiya kimi formalaşdığını, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramlarının qəbul edildiyini söyləyərək, bu istiqamətdə görülən işlərdən, həmçinin daun sindromlu şəxslərə göstərilən dövlət qayğısından söz açdılar.
Sonra tədbir iştirakçıları mərkəzdə daun sindromlu uşaqlar üçün yaradılan şəraitlə tanış olmuş və daun sindromlu şəxslərin rəsm işlərindən ibarət sərgisinə baxmışlar.
Tədbir daun sindromlu uşaqların hazırladıqları konsert proqramı ilə başa çatmışdır.