Rayonda 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Ölkəmizdə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsində və elektron xidmətlərə keçidin sürətləndirilməsində əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi və vətəndaş məmnunluğunun təmin olunmasıdır.
Bu istiqamətdə respublikamızda yaradılan “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin şəffaflıq, operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçirilməsini təmin edir.
14 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Ölkə başçısına məlumat verildi ki, iki mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 5600 kvadratmetrdir. Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi tərəfindən 30 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 30 növ funksional yardımçı, o cümlədən bank və sığorta xidmətləri təşkil edilib. Burada hüquqi yardım, tərcümə, tibb, laboratoriya, arxiv, təlim, istirahət, ana-uşaq, UNICEF, könüllülər və fotoçəkiliş otaqları, kitabxana, kafe, uşaq əyləncə mərkəzi vardır. Mərkəzin qarşısında 150 avtomobil üçün dayanacaq yaradılıb.
5 saylı Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhərində qeydiyyatda olan sakinlərə xidmət göstərəcəkdir.