Nizami rayonunun 2015-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
29 iyul 2015-ci il tarixində Rayon İcra Hakimiyyətində rayonunun 2015-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişdir.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, iyul ayının13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasının keçirildiyini və ölkə başçısının iclasda ilin altı ayının yekunlarının müsbət olduğunu, Azərbaycanın uğurla inkişaf etdiyini və bu nailiyyətlərin tarixi uğur olduğunu, neftin qiymətinin aşağı səviyyədə olmasına baxmayaraq iqtisadiyyatın inkişaf etdiyini, qeyri-neft sektorunun, sənaye istehsalının, qeyri-neft sənayesinin və kənd təsərrüfatı göstəricilərinin artdığını diqqətə çatdırdığını bildirdi. Həmçinin ölkədə inflyasiyanın aşağı səviyyədə olduğunu və əhalinin pul gəlirlərinin inflyasiyanı üstələdiyini, sosial sahədə bütün proqramların icra edildiyini və ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş verdiyini, şəffaflığın təmin olunduğunu, xoşagəlməz hallara son qoyulduğunu, korrupsiya ilə mübarizənin ciddi aparıldığını və bunun hesabına artıq bu sahədə daha sağlam vəziyyət yarandığını, insanların da bu müsbət dəyişiklikləri gördüklərini vurğuladı.
T.Budaqov Nizami rayonunun 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə üçün sözü müavini İldırım Mehdiyevə verdi.
İ.Mehdiyev Nizami rayonunda da cari ilin ötən dövründə uğurlar əldə olunduğunu, iqtisadi baxımdan rayonun inkişaf etdiyini, yenidənqurma və əsaslı təmir işləri aparıldığını qeyd etdi. O, Nizami rayonunda aparılan uğurlu yenidənqurma işləri nəticəsində sənaye müəssisələrinin fəaliyyətinin daha da canlandığını, sakinlərin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görüldüyünü söylədi. Eyni zamanda rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidənqurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlərin davam etdirildiyini diqqətə çatdırdı.
Sonra məruzə ətrafında Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun baş mühəndisi Nail Əmirov, 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Mustafa Əhmədov, millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış etdilər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov hesabat dövründə görülən işləri müsbət dəyərləndirdiyini bildirdi və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlarını verdi.
Yığıncağın sonunda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə təltif olunmuş İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abdullayeva Leyla Məmməd qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edildi.