Nizami rayonunda hərbi çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salındılar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan vətəndaşlarının 2015-ci il oktyabr ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” imzaladığı sərəncamın icrasına uyğun olaraq 01 oktyabr 2015-ci il tarixində Nizami rayonu üzrə ilkin olaraq 40 hərbi çağırışçının həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi.
Tədbir Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən ədəbi-bədii kompozisiyanın nümayişi ilə başladı.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon Şöbəsinin rəisi Rövşən Babayev və Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Nizami rayon filialının sədri Məhi Mehdiyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirməyi arzuladılar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son illərdə Azərbaycanda ordu quruculuğuna xüsusi önəm verildiyini, cənab Prezidentin bu sahədə apardığı məqsədyönlü tədbirlərin artıq öz bəhrələrini verdiyini, hazırda Azərbaycan ordusunun dünyanın aparıcı orduları sırasında olduğunu, ordumuzun maddi-texniki bazasının yeniləndiyini və artıq respublikada istehsal olunan ən müasir tipli silahlara dünya silah sərgi və satış yarmarkalarında böyük tələbat olduğunu qeyd edərək, bu gün ordumuzun istənilən düşmənə, istənilən təcavüzə qətiyyətlə cavab vermək gücünə qadir olduğunu söylədi. O, rayondan olan hərbi xidmət borcunu yerinə yetirənlərin öz davranışları, nizam-intizamları ilə həmişə fərqləndiyini və ən əsası hərbi işi mükəmməl öyrənmələri baxımından seçildiklərini diqqətə çatdıraraq, hərbi xidmətə yola salınan çağırışçıların onların yolunu layiqincə davam etdirəcəklərindən əmin olduğunu söylədi və onlara uğurlar dilədi.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar vətənə layiqli bir övlad kimi xidmət edəcəklərini bildirərək, Azərbaycan bayrağı altından keçib, xidmət yerlərinə yola düşdülər.