Rayonda əlilliyi olan insanlarla görüş keçirilmişdir.
3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Xəzər Universitetində “Biz də cəmiyyətin ayrılmaz üzvləriyik” adlı tədbir keçirilmişdir.
Tədbir “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteron, Ombudsmanın Əlilliyi olan şəxslər üzrə müşaviri Müqalib Mahmudov, Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov və 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Cəfərov çıxış edərək ölkəmizdə əlillərə dövlət qayğısının ildən-ilə artdığını, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasında və bacarıqlarının üzə çıxarılmasında önəmli addımların atıldığını, əlil uşaqların təhsil almaları üçün xüsusi təhsil müəssisələri və internat məktəblərinin yaradıldığını, onların əməklə məşğul olmaları üçün xüsusi iş yerlərinin açıldığını diqqətə çatdırdılar.
Həmçinin tədbirdə əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət sərgi, 1 saylı Psixiatriya Xəstəxanasının xəstələrinin iştirakı ilə çəkilən “Limanı olmayan gəmi” adlı qısametrajlı film və pantomima tamaşası nümayiş etdirildi.
Sonra “Muğam-2015” müsabiqəsinin qalibləri Sədəf Budaqova və Elgiz Əliyev, 1-ci qrup əlil Murad Sadıx, 3-cü qrup əlil Cavid Gözəlov, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov öz ifaları ilə tədbir iştirakçılarının ruhunu oxşadılar.
Bundan əlavə, tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti”nin Novxanı kənd Nümayəndəliyinin nəzdində fəaliyyət göstərən “Xəzər ulduzları” rəqs ansamblının çıxışları maraqla qarşılandı.