Rayonda veteranlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir
09 dekabr 2015-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində Rayon Veteranlar təşkilatının sədri Yəhya Ağayevə “Vətən Həmrəyliyi” medalının təltifetmə mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov respublikamızda dövlətin sosial yardıma ehtiyacı olan vətəndaşlara, xüsusən, veteranlara, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə maddi, sosial, məişət problemlərinin həllində böyük diqqətin göstərildiyini və bu qəbildən olan insanlara göstərilən qayğının ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətində olduğunu söylədi. A.Qasımov rayonda veteranların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq edildiyini, rayon veteranlarının məişət problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini diqqətə çatdıraraq, Nizami rayon Veteranlar təşkilatının sədrinə bu işində müvəffəqiyyətlər arzuladı və xidmətlərinə görə belə bir medala layiq görülməsi münasibətilə təbrik etdi.
Y.Ağayev dövlətin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini, bunun sədri olduğu təşkilatın üzvləri tərəfindən daim razılıq hissi ilə qarşılandığını söylədi. Sonda Y.Ağayev ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacağını bildirdi.
Sonda Respublika Veteranlar Şurasının sədr müavini, Kamal Əliyev Nizami Rayon Veteranlar təşkilatının işində Y.Ağayevin fəaliyyətini yüksək qiymətləndirdi və ona “Vətən Həmrəyliyi” medalını təqdim etdi.
Tədbirin yekununda K.Əliyev müəllifi olduğu “Döyüşlərdə qan bahasına qazanılmış dostluq” kitabını Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova hədiyyə edərək veteranlara göstərdiyi hörmətə görə təşəkkürünü bildirdi.