Rayonda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir
10 dekabr 2015-ci il tarixində YAP Nizami rayon təşkilatında Nizami Rayon İcra Hakimiyyəti ilə birgə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzərək, əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Rayon Ağsaqqallar Şurasının üzvü İntiqam Xəlilovun əl işlərindən ibarət sərgisinə baxış keçirildi.
Tədbiri açan YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva dövlət xadimi, xalqın lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın tərəqqisi üçün çalışdığını, bütün məsuliyyəti öz çiyinlərində daşıdığını, ölkəni ağır və sərt sınaqlarından çıxardığını diqqətə çatdırdı. Ulu öndərin ölkənin işıqlı sabahının etibarlı bünövrəsini qoyduğunu və Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən dirçəlişin onun adı ilə bağlı olduğunu söylədi. Bundan əlavə, S.Vəliyeva ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və xalqımızın bu kursu yüksək dəyərləndirərək onun ətrafında daha sıx birləşdiyini vurğuladı.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxışında Azərbaycan tarixinin otuz beş illik bir dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, bu müstəqilliyin əbədi, dönməz xarakter almasında, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsində və beynəlxalq nüfuzunun sürətlə artmasında ulu öndərin müstəsna rolunun olduğunu vurğuladı. O, ümummilli liderin bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdiyini, öz fəaliyyətində həmişə xalqa arxalandığını bildirərək, bu gün də dahi rəhbərin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşadığını qeyd etdi.