Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda məktəblilər arasında "Kitab oxu – kitab qazan" layihəsinə start verilmişdir

18 dekabr 2015 | 16:00

18 dekabr 2015-ci il tarixində 129 №-li tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Kitab oxu – kitab qazan" layihəsinə start verilmişdir. Layihəyə rayonun bütün ümumtəhsil müəssisələri qoşulmuşdur.

Tədbiri giriş sözü ilə açan 129 №-li tam orta məktəbin direktoru Esmira Quliyeva ilk öncə kitabın təhsilin inkişafına təsir göstərən vasitələrdən biri olmaqla, insanın tərbiyə olunmasında, dünyagörüşünün artmasında böyük rolundan və əhəmiyyətindən danışdı. Qeyd olunan layihəyə məhz rəhbəri olduğu 129 №-li tam orta məktəbdə start verilməsinə görə öz minnətdarlığını bildirən E.Quliyeva layihənin əsas istiqamətinin yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması olduğunu vurğuladı. O, layihə çərçivəsində kitab toplama kampaniyasının aparılacağını və layihə iştirakçılarının topladıqları kitabların hədiyyə olaraq 328 №-li tam orta məktəbin kitabxanasına veriləcəyini də qeyd etdi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev kitabların cəmiyyətdəki rolundan söz açaraq,  oxunan hər bir bədii əsərin insanlarda humanizm, səmimiyyət, ətrafdakılara diqqət və qayğı hisslərini artırdığını qeyd etdilər. Müasir əsr texnologiyalar dövrü olduğundan, insanların kitabdan, mütaliədən uzaq düşdüyünü, əksər gənclərin mütaliə üçün internet məlumatlarını üstün tutduğunu söyləyən natiqlər, bunun nəticəsində məktəblilərdə nitq qabiliyyətinin aşağı olmasını, söz ehtiyatının zəiflədiyini diqqətə çatdırdılar. Eyni zamanda "Kitab oxu – kitab qazan" layihəsinin əhəmiyyətindən söz açaraq, bu layihənin gənclərdə kitab oxumağa marağın artırılmasında əhəmiyyətli rol oynayacağını, layihə çərçivəsində müsabiqə keçiriləcəyini, hər bir gəncin seçdiyi kitab haqqında öz rəylərini yazaraq münsiflərə təqdim edəcəklərini və fərqlənən gənclərin mükafatlandırılacağını da vurğuladılar. 

Layihə haqqında ətraflı danışan “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova layihənin keçirilməsində əsas məqsədin rayonda yeniyetmə və gənclər arasında kitaba və kitabın mütaliəsinə münasibəti öyrənmək, ictimaiyyətin kitab oxumağa olan marağını və gənclərin kitabxanalardan istifadə səviyyəsini müəyyənləşdirməkdən ibarət olduğunu söylədi. Həmçinin layihənin yekununda çoxlu sayda kitab toplanacağını, gənclərin kitab və mütaliə ilə bağlı bilik səviyyələrinin öyrəniləcəyini, hər oxunmuş kitabın əvəzində gənclərə yeni kitabın hədiyyə olunacağını bildirdi.

Tədbirin sonunda müsabiqədə iştirak edəcək məktəblilər toplanmış kitabların içərisindən öz maraq dairələrinə uyğun kitab seçdilər.

Keçidlər