Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “20 Yanvar – Qəhrəmanlıq Salnaməsi” adlı rəsm sərgisi təşkil edilmişdir

15 yanvar 2016 | 16:00

15 yanvar 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar” faciəsinin 26-cı ildönümü ilə əlaqədar “20 Yanvar – Qəhrəmanlıq Salnaməsi” adlı sərgi-tədbir təşkil edilmişdir.

İlk öncə Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev keçən əsrin sonlarında ölkədə milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət yaratmaq istəyi ilə ayağa qalxan xalqın inamını qırmaq məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilərək küçələrə çıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsinin Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət olduğunu söylədilər. Həmin hadisələrdə 133 dinc sakinin öldürüldüyünü, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs olunduğunu qeyd etdilər.

Eyni zamanda, natiqlər xalqın bu ağır günlərində yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində təşkil olunmuş yığıncaqda  çıxış edən ulu öndər Heydər Əliyevin “20 Yanvar” faciəsinə siyasi qiymət verdiyini, baş vermiş hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirdiyini və bu çıxışın xalqın qəlbində ümid çırağı yandırdığını diqqətə çatdırdılar.

Bu gün Azərbaycan xalqının azadlıq uğrunda canlarını qurban edən şəhidlərin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutulduğunu, onların igidliyinin yüksək qiymətləndirildiyini söylədilər.

Tədbirdə Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi üzvlərinin ifasında “20 Yanvar” faciəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Sonra qonaqlar “20 Yanvar – Qəhrəmanlıq Salnaməsi” mövzusunda hazırlanmış rəsm sərgisi ilə tanış oldular. Həmçinin sərgidə “20 Yanvar” faciəsini özündə əks etdirən müxtəlif kitablar da nümayiş etdirilmişdir.

Tədbirin sonunda rəsm sərgisində fərqlənmiş dərnək üzvlərinə diplomlar təqdim edildi.

Keçidlər