Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

19 yanvar 2016 | 16:00

19 yanvar 2016-cı il tarixində “Komfort” istirahət mərkəzində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmiş, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid və əlil olanların ailələrinə ehsan süfrəsi açılmışdır.

Tədbirdə ilk öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən faciəni əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə tədbirdə çıxış edərək, 1990-cı il 20 yanvarın Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olduğunu, həmin gün keçmiş sovet dövlətinin xalqımıza qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını söylədilər. 

1990-cı il 21 yanvarda Moskvada yaşayan azərbaycanlıların da bu dəhşətli qırğına, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz aktına etiraz etdiyini diqqətə çatdıran natiqlər, həmin gün  ailəsi ilə birgə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış edən ümummilli lider Heydər Əliyevin hadisəyə düzgün qiymət vermiş ilk vətənpərvər siyasi xadim olduğunu bildirdilər.

Natiqlər həmin gün kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini, yaralandığını qeyd etdilər və bu faciəyə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini, məhz ulu öndərin sərəncamı ilə 20 Yanvarın Ümumxalq hüzn günü elan olunduğunu və Bakıda Vətən şəhidlərinə böyük ehtiramla Xatirə Kompleksi ucaldıldığını diqqətə çatdırdılar.

1990-cı ilin yanvar qırğının böyük faciə olmasına baxmayaraq, Azərbaycan xalqının iradəsinin, milli azadlıq uğrunda mübarizə əzminin qırılmadığını bildirən tədbir iştirakçıları,  həmin müdhiş gecədə həlak olan Vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdıqlarını söyləyərək onların xatirəsinin ürəklərdə əbədi yaşayacağını vurğuladılar.

Keçidlər