Rayonda 2 fevral – Gənclər Günü qeyd olundu
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan olunmuş və hər il bu gün Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Respublika əhalisinin 30 faizindən çoxunu təşkil edən Azərbaycan gəncləri bu günü qürur və təntənə ilə qeyd edirlər.
29 yanvar 2015-ci il tarixində Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı və Rayon Gəclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda da 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva və YAP Nizami rayon təşkilatı Gənclər Birliyi sədrinin I müavini Ramil Vəlibəyov ümummilli lider Heydər Əliyevin kadr potensialının gücləndirilməsi üçün gənclərlə işə böyük önəm verdiyini və bunun nəticəsində qısa müddət ərzində Azərbaycan gənclərinin ölkənin aparıcı qüvvəsinə çevrildiyini, gənclərin ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərdiyini, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyini, bundan sonra da gənclərin Heydər Əliyev irsinə sadiq qalacağını, dövlətimizin parlaq gələcəyi və Vətənimizin inkişafı naminə böyük səylə çalışacağını, ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqlarını diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan onlara göstərilən böyük diqqətin nəticəsidir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına təkan vermişdir.
Tədbirin sonunda rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup gəncə fəxri fərman təqdim olunmuşdur.