Nizami rayonunda Bəkir Çobanzadə küçəsinin bir hissəsində təmir-tikinti işləri başa çatmışdır
Təmir-tikinti işləri rayonun Bəkir Çobanzadə küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində, uzunluğu 924 metr, ortalama eni isə 15 metr olan ərazidə aparılmışdır.
Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənmiş, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulmuş, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yeniləri ilə əvəz edilmişdir. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürülmüşdür.
Piyadaların rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamətdə 1,5 metr enində yeni piyada səkiləri yaradılmış və kənarlarına 1800 p/m yeni səki daşları düzülmüşdür.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəz edilərək, 2 qat olmaqla 14 min m2 sahəyə 11 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənmişdir.
B.Çobanzadə küçəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yolun hərəkət hissəsi müəyyən ərazilərdə təqribən 300 metrlik məsafədə 5 metrə yaxın genişləndirilərək 12 metrə çatdırılmışdır.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün uzunluğu 15 metr, eni isə 3 metr olan 2 ədəd xüsusi “cib”li dayanacaq yaradılmışdır.
Eyni zamanda küçədə aparılan kompleks tədbirlər çərçivəsində “Azəryolservis” ASC tərəfindən işıqlandırma sistemi bərpa edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol nişanları quraşdırılmış, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılmışdır.
http://ays.gov.az/