2 Fevral Gənclər Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə görüş keçirilmişdir
02 fevral 2016-cı il tarixində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2 Fevral Gənclər Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə görüş keçirilmiş, bayram konserti təşkil edilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının və Nizami Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən millət vəkili Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, C.Naxçıvanski adına Hərbi Liseyin rəis müavini Kamran Nəsibov 2 Fevral Gənclər Günü münasibətilə kursantları ürəkdən təbrik edərək onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzuladılar.
Natiqlər gəncliyin hər bir millətin inkişafının təməl daşı olduğunu qeyd edərək, gənc nəslin Vətənə məhəbbət, elinə, obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasında belə tədbirlərin önəmli rol oynadığını diqqətə çatdırdılar. Ölkədə gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində bir sıra məqsədyönlü işlərin həyata keçirildiyini də vurğuladılar. Həmçinin gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə hərtərəfli şərait yaratdığını bildirdilər.
Çıxışlardan sonra Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri rəngarəng konsert proqramı ilə çıxış etdilər.
Sonda C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətinin vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirakına görə Nizami Rayon İcra Hakimiyyəti və 2 Fevral Gənclər Günü münasibətilə Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi Fəxri Fərmanla təltif olundu.