Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

10 fevral 2016 | 16:00

10 fevral 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda Milli Məclisin deputatları – Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, Rüfət Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, rayonun idarə və müəssisə rəhbərləri, KİV nümayəndələri iştirak etmişlər.

İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etdilər.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yığıncağı açaraq iştirakçıları rayonun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş “Nizami rayonu – 2015” videofilminə baxmağa dəvət etdi.

Filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunan müşavirədən kadrlar, Dövlət başçısının iştirakı ilə Nizami rayonu ərazisində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin və Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılış mərasimləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə rayondakı 110 və 172 nömrəli uşaq tərbiyə müəssisələrində yeni korpusların açılış mərasimi əks olunmuşdur. Həmçinin filmdə ötən il rayonda aparılan  abadlıq-quruculuq işlərindən, iqtisadiyyat, kommunal-təsərrüfat, təhsil, səhiyyə sahələrindəki uğurlardan, keçirilən sosial tədbirlərdən kadrlar göstərilmişdir.

 

Filmin nümayişindən sonra Nizami  Rayon  İcra Hakimiyyətinin  başçısı Arif Qasımov 2015-ci  ildə  rayonun sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda  duran vəzifələr  haqqında  məruzə ilə çıxış etdi.

2015-ci ildə də Azərbaycanın çoxsaylı uğurlar əldə etdiyini, respublikanın Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində gündən-günə daha qüdrətli ölkəyə çevrildiyini, ölkəmizdə qeyri-neft sektorunun intensiv inkişaf etdiyini, iqtisadi potensialın artdığını söyləyən A.Qasımov, Nizami rayonunun da inkişafda olduğunu, hesabat dövrü ərzində rayonda tikinti-quruculuq, abadlıq işləri aparıldığını, rayon sakinlərinin yaşayış rifahının yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü diqqətə çatdırdı.  

Qeyd edilmişdir ki, 2015-ci ilin yanvar-dekabr aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 488,9 milyon manat dəyərində, yəni əvvəlki illə müqayisədə 1,9 faiz çox ümumi daxili məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 168,6 milyon manat həcmində investisiya yönəldilmiş, pərakəndə ticarət dövriyyəsinin həcmi 0,3 faiz artaraq 2158,3 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 300,7 milyon manat olmuşdur. Ötən ildə rabitə sahəsində 327,5 milyon manat, nəqliyyat sahəsində isə 117,9 milyon manat dəyərində, yəni əvvəlki ilə nisbətən müvafiq olaraq 16,1 və 31,1 faiz çox xidmət göstərilmişdir. 2015-ci ildə rayonda 2405 yeni iş yeri açılmış, ümumilikdə 2003-cü ildən bu günə kimi 28759 yeni iş yeri açılmışdır ki, onun da 28662-si daimi iş yerləridir. Ötən il rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 1890 nəfər qeydiyyata götürülmüş, onlardan 610 nəfəri münasib işlə təmin edilmiş, 86 nəfərə işsizlik statusu verilmiş, 107 nəfərə isə işsizlik müavinəti təyin olunmuşdur.

Bildirilmişdir ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Bakı Texniki Kolleci əsaslı təmir olunmuş, Kimya-biologiya təmayüllü respublika liseyinin qazanxanası yenidən qurulmuş, 103 №-li uşaq bağçası isə əsaslı təmirdən sonra istifadəyə verilmiş, 12 №-li orta məktəbdə 200 yerlik (10 sinif), 238 №-li orta məktəbdə  320 yerlik (16 sinif), 32 №-li orta məktəbdə isə 640 yerlik (32 sinif) əlavə korpusların və Milli Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilir. Həmçinin Təhsil Nazirliyi tərəfindən Kimya-biologiya təmayüllü respublika liseyinin əsas korpusu, yardımçı otaqları, yeməkxanası və həyətyanı ərazisi əsaslı təmir olunmuş, yataqxana korpusunda isə cari təmir işləri görülmüş, Səhiyyə Nazirliyi tərəfindən 4 №-li Vərəm Əleyhinə Dispanserin həyətində Referens laboratoriyasının, habelə sahibkarlar tərəfindən  Keşlə qəsəbəsi, Babək prospekti, 2269-cu məhəllədə 100 yerlik, T.Abbasov küçəsi 38 ünvanında isə 120 yerlik yeni özəl uşaq bağçalarının, Naxçıvanski küçəsi 73  ünvanında və B.Çobanzadə küçəsi ilə M.Abbasov küçələrinin kəsişdiyi ərazidə özəl klinikaların inşası aparılır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”na töhfə vermək məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən daxili resurslar hesabına 110 və 172 №-li uşaq bağçalarının hər birində 80 yerlik əlavə korpus inşa edilmişdir.

Eyni zamanda, 2015-ci ildə rayonun xidmət və təsərrüfat idarələri tərəfindən də bir sıra işlərin görüldüyü, abadlıq və yenidənqurma işlərinin aparıldığı diqqətə çatdırılmışdır.

        

A.Qasımov Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 avqust tarixli Sərəncamı ilə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin Nizami rayonunda da demokratik və şəffaf keçirildiyini söyləmişdir. 

Məruzənin sonunda görüləcək işlər və qarşıda duran vəzifələr səsləndirilmişdir.

Sonra məruzə ətrafında Milli Məclisin deputatları – Sədaqət Vəliyeva,  Flora Qasımova, Rasim Musabəyov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış etdilər.

 

 

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlətin mediaya diqqət və qayğısından söz açaraq, ötən il Milli Mətbuatın yubiley tədbirlərinin regionlarda, paytaxtda keçirildiyini, ölkə başçısının sərəncamı ilə 180 nəfər media işçisinin fəxri adlar, ordenlərlə təltif olunduğunu bildirmişdir. Həmçinin Fondun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə indiyədək 4-cü dəfə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etdiyini diqqətə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə belə müsabiqələrinin təşkilində məqsədin qarşılıqlı əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə çatdırılması, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması olduğunu söyləmişdir.

 

  

Yığıncaqda Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin, həmçinin 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı  ümumtəhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri mükafatlandırılmışdır.

 

 

 

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Keçidlər