Nizami rayonunda "Xocalı – unudulmayan qan yaddaşımız" mövzusunda tədbir keçirilib
19 fevral 2016-cı il tarixində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı, "İki sahil" qəzetinin və "Bakcell" şirkətinin dəstəyi ilə “Xocalı – unudulmayan qan yaddaşımız” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları "Xocalı – unudulmayan qan yaddaşımız" adlı mövzuda təşkil olunmuş rəsm nümunələri ilə tanış olmuşlar.
Akt zalında davam etdirilən tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən, 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdiyini bildirərək, bu soyqırımı hadisəsinin nəinki Azərbaycan tarixinə, həmçinin bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu söyləmişlər. Həmçinin Ermənistanın müharibə qaydalarına zidd olaraq, Cenevrə konvensiyasının protokollarını pozaraq, dinc sakinlərə qarşı həyata keçirdiyi soyqırımı zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq və 70 qocanın öldürüldüyünü, 8 ailənin tamamilə məhv edildiyini diqqətə çatdırmışlar.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyi sədrinin müavini Samirə Quliyeva və "Bakcel" şirkətinin məsul əməkdaşı Vəfa Abdullayeva soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırmışlar. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıması üçün diaspor təşkilatları tərəfindən məqsədyönlü fəaliyyətin həyata keçirildiyini bildirmişlər.
Tədbirdə həmçinin Qarabağ həqiqətlərindən bəhs edən “Həqiqət” romanının müəllifi Ramiz Dəniz çıxışında əsərdə Qarabağ hadisələrinin bir hissəsi olan Qaradağlı kənd sakinlərinin blokada şəraitindəki həyatını, onların müasir silahlarla silahlanan daşnaklara müqavimət göstərməsi və kəndin işğalı əks olunduğunu söyləmişdir. Sonra müəllif imzalı kitablarını qonaqlara təqdim etmişdir.
Sonda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “Xocalı – unudulmayan qan yaddaşımız” mövzusunda fevral ayının 4-dən 15-nə kimi rayonda keçirilən rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılmış, onlara diplom və hədiyyələr verilmişdir.
\