Rayonda Xocalı soyqırımından bəhs edən “Həqiqətin şahidləri” adlı sənədli filminin təqdimatı keçirilmişdir
20 fevral 2016-cı il tarixində Nizami rayonu 70 saylı məktəb-liseydə Xocalı soyqırımından bəhs edən “Həqiqətin şahidləri” adlı sənədli filminin rayon təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində çıxış edənlər 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecənin xalqımızın yaddaşında növbəti faciə kimi düşdüyünü, Ermənistan tərəfindən məqsədyönlü törədilmiş Xocalı soyqırımı aktının Azərbaycan xalqına qarşı bəşər tarixində görünməmiş qəddarlıqla insanlığa qarşı cinayət olduğunu və mövcud faktlar əsasında Xocalıda törədilmiş soyqırımı hadisəsinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməli olduğunu diqqətə çatdırdılar.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı “Həqiqətin şahidləri” adlı sənədli filmi haqqında məlumat verərək, bu ekran işinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdığını və filmdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından əl-ayağı yalın qaçmış insanların acı həyatının əks olunduğunu, Amerika, Almaniya, Fransa, Türkiyə, Rusiya jurnalistlərinin Xocalı soyqırımı ilə bağlı işlərini əks etdirən nadir kadrların daxil edildiyini, eyni zamanda bu hadisələrin canlı şahidlərinin ifadələrinin yer aldığını bildirdi.
Sonra film nümayiş etdirildi.
Filmin nümayişindən sonra “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin önəmini vurğulayaraq bu ekran əsərinin də məhz bu istiqamətdə görülən işlərə bir dəstək olduğunu nəzərə çatdırdı.