Rayonda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir
24 fevral 2016-cı il tarixində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami rayonu 201 nömrəli tam orta məktəbdə "Xocalı – xalqımızın faciəsi: unutmayaq, unutdurmayaq" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak etmişdir.
Tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
201 nömrəli tam orta məktəbin direktoru Süsən Salmanova tədbir iştirakçılarını Nizami Rayon Mədəniyyət Mərkəzi ilə birgə hazırladıqları 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımına həsr olunmuş kompozisiyaya baxmağa dəvət etdi.
Kompozisiyada ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı cinayət, erməni vəhşiliyi və terrorları əks olunmuş, Azərbaycan xalqının bu hadisələri heç vaxt unutmayacağı, işğal olunmuş ərazilərin azad olunacağı, şəhidlərimizin qisasının alınacağı və haqq işimizdə qalib gələcəyi vurğulanmışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsinin ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olduğunu bildirərək, bu soyqırımın – kütləvi və amansız qırğın aktının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu söylədilər. Həmçinin ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin birbaşa beynəlxalq hüquqa zidd olduğunu, İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyasının, BMT-nin Baş Məclisinin 10 dekabr 1948-ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktının maddələrinin ciddi şəkildə pozulduğunu diqqətə çatdırdılar.
Natiqlər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşına həkk olan acı bir kədər, dərin bir uzüntü olduğunu vurğulayaraq, hər il bu müdhiş faciənin ildönümünün ölkəmizdə, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən yad edildiyini, Xocalı qətliamı qurbanlarının əziz xatirəsinin anıldığını, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkil və filmlərin nümayiş etdirildiyini, dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələrin çap olunduğunu, televiziya və radio kanallarında verilişlər yayımlandığını söylədilər.