Nizami rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır
25 fevral 2016 | 16:00
25 fevral 2016-cı il tarixində “Xüdafərin” istirahət mərkəzində Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmiş, Xocalıdan olan ailələrə maddi yardım göstərilmiş və Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.
Tədbir Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Sonra Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Xocalı faciəsinin canlı şahidi, Qarabağ müharibəsi əlili Surxay Quliyev ermənilər tərəfindən Xocalıda azərbaycanlıların təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən dil, din, məzhəb və milli fərqlərinə görə məqsədli və düşünülmüş şəkildə məhv edilməsinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktı olduğunu söylədilər.
Qeyd edilmişdir ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlarda xalqımızın qan yaddaşına həmişəlik həkk olunmuş Xocalı faciəsi kimi soyqırımlar pislənilir, yolverilməz olduğu bildirilir. Bu gün Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi üçün davamlı addımlar atılır.