“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilər Naxçıvan şəhərinə yola salınmışdır
16 mart 2016 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir. Belə ki, Nizami rayonunda ölkə başçısının tapşırığına əsasən 16 mart 2016-cı il tarixində “Ölkəmizi tanıyaq” tur aksiyasının Naxçıvan şəhərinə ilk iştirakçıları yola salındı.
Dörd gün davam edəcək tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan şəhərinin tarixi abidələrini, görməli yerlərini və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı eldə etməklə yanaşı, “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər.
Yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı Arif Qasımov belə tur-aksiyaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin səfər etdikləri bölgələrdə Heydər Əliyev mərkəzlərini, parkları, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini və digər görməli yerləri ziyarət etməklə dünyağörüşlərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıraraq onlara uğurlu yol dilədi.
Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Naxçıvan şəhərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşdülər.