Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Yurdumuzun Novruzu“ adlı tədbir keçirilmişdir

16 mart 2016 | 16:00
16 mart 2016-cı il tarixində Nizami rayonunun 129 saylı tam orta məktəbində “Yurdumuzun Novruzu“ adlı tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak etmişdir.
İlk öncə 129 saylı tam orta məktəbinin direktoru Esmira Quliyeva təbiətin oyanışının müjdəsini verən Novruz bayramı münasibətilə qonaqları təbrik edərək, onları məktəblilərin hazırladıqları “Yurdumuzun Novruzu“  adlı ədəbi-bədii kompozisiyaya baxmağa dəvət etdi.
Kompozisiyanın nümayişindən sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan, ən qədim şənliklərdən olan Novruz bayramının insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratdığını, firavanlığın başlanğıcı olduğunu qeyd etmişlər. Onlar xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü bu bayramın özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirdiyini söyləmişlər. Novruzun yeni gün, yeni həyat mənasını daşımaqla, həm də azərbaycanlıların yeni ili olduğunu vurğulayan natiqlər bu əziz bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək, ailələrinə səadət, firavanlıq, cansağlığı arzu etmiş və uğurlar diləmişlər.
Tədbirin sonunda qonaqlar ölkəmizin müxtəlif bölgələrinin Novruz bayramına aid mətbəx nümunələri ilə tanış oldular.

 
Keçidlər