Nizami rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir
17 mart 2016 | 16:00
17 mart 2016-cı il tarixində Nizami rayonunda Heydər bağı – park bulvarda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir.
Bayram şənliyində Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin rayon sakinləri iştirak etmişlər.
Şənlik Novruzun simvolu olan Bahar qızının Novruz bayramı münasibətilə tədbir iştirakçılarına təbriki ilə açılaraq, Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin konsert proqramı ilə başlanmışdır.
Sonra Dədə Qorqudun xeyir-duası ilə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bayram tonqalını alovlandırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar rayonun təlim-tərbiyə və məktəbdənkənar müəssisələrinin və yaradıcılıq mərkəzinin hazırladıqları milli folklor nümunələrinə, dekorativ-tətbiqi sənət və əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər. Sərgidə baharın gəlişini, torpağın oyanışını əks etdirən əl işləri, Novruz xonçaları, səmənilər, Novruz bayramının rəmzi olan şirniyyat nümunələri nümayiş etdirilmişdir.
Bayram şənliyində 24 məktəb və 23 uşaq bağçası ayrı-ayrılıqda hazırladıqları şənlik proqramı ilə çıxış etmişlər.
Şənlikdə Kosa və Keçəlin şən zarafatları və “Cəngi” musiqisinin sədaları altında idmançıların çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.