Nizami rayonunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir
30 mart 2016 | 16:00
30 mart 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra erməni daşnakları tərəfindən törədilmiş qırğının dəhşətlərindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Filmin nümayişindən sonra Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək, əsrlər boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumat verdi. O, həmçinin ermənilərin millətimizə qarşı törətdikləri cinayətlərin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmağa, özlərinin qəsbkar torpaq iddialarını gizlətməyə çalışdığını qeyd etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildiyini, bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edildiyini, dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldığını diqqətə çatdırdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin davam etdirilməsinə imkan vermədi. Buna baxmayaraq, illər sonra azərbaycanlılara qarşı ermənilərin zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi bu işlərin yenidən davam etdirilməsi və dünya ictimaiyyətinə məlumatların doğru-düzgün çatdırılması məqsədini daşıdığını vurğuladı.
Tədbirdə çıxış edənlər – Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Əli Axundov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev azərbaycanlılara qarşı törədilən soyqırımının tanınmasında ölkədə və beynəlxalq səviyyədə bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.