Nizami rayonunda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində təlim-məşğələ keçirilmişdir
04 aprel 2016 | 16:00
04 aprel 2016-cı il tarixində Nizami rayonu 12 №-li tam orta məktəbdə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə Nizami Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı və Azərbaycan Respublikası Daxili İşlər və Səhiyyə Nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin” mövzusunda təlim-məşğələ keçirilmişdir.
Təlimdə rayonun orta təhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqları və tibb işçiləri iştirak etmişdilər.
Təlim-məşğələdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, ictimai incəsənət və idman ustalarının cəlb edilməsi ilə təbliğat xarakterli kütləvi tədbirlərin keçirilməsinin vacibliyi, həmçinin narkomanlığın yayılmasının qarşısının alınmasının daha geniş təbliğatın aparılması kimi məsələlərə toxunulmuşdur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi işlərinin aparılmasının zəruriliyi diqqətə çatdırılmışdır.
Eyni zamanda, təlim-tərbiyə müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılmasının, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman yarışlarının keçirilməsi, həmçinin, rayonda asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması, gənclər evlərinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, ailələrə və uşaqlara dəstək mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunmasının xüsusi önəm kəsb etdiyi bildirilmişdir.
Narkomaniya və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi, narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müalicəsi, onun törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü və narkomanlığın profilaktikasından danışılmışdır.