Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir

08 aprel 2016 | 16:00
08 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nizami Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirmişdi.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov   ölkədə gənclərin vətənpərvər, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmasına çox böyük əhəmiyyət verildiyini nəzərə çatdıraraq, vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığını, apardığı mübarizədə onda inam hissini gücləndirdiyini söylədi. Həmçinin xalqımızda Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda canından keçməyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etmək üçün müharibə şəraitində belə tədbirlərin keçirilməsinin gənclərin məhz vətənpərvər ruhda böyüməsinə xidmət göstərdiyini vurğuladı.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı A.Qasımov aprel ayının 2-dən Ermənistanın növbəti silahlı təxribatını xatırladaraq bildirdi ki, Azərbaycan Ordusunun qəhrəman əsgərləri, zabitləri düşmənin bu təxribatının qarşısını layiqincə alaraq, düşmənə tutarlı cavab vermiş, təmas xəttində mövqe üstünlükləri əldə etmiş və ordumuzun bu uğuru düşməndə qorxu hissi yaratmışdır. Bu qələbə əlbəttə ki, Azərbaycan ordusunda xidmət edən gənclərə hərbi xidmətə çağırışadək dövrdə  aşılanan düzgün vətən sevgisidir. Bu gün Ordumuzun uğurlarının gənclərdə yaratdığı ruh yüksəkliyini onların könüllü olaraq döyüşə getməyə hazır olduqlarını Milli Orduya göstərdikləri dəstəkdən görmək olur.
Çıxışının sonunda A.Qasımov şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərə Allahdan rəhmət, yaralılara şəfa diləyərək bu qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxış edərək, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, görülmüş işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırdı. N.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər gördüyünü bildirərək, “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbirlərin artıq bütün Azərbaycanı əhatə etdiyini söylədi.
Tədbirdə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov çıxış edərək, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribatın Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldığını və daha əlverişli hərbi mövqelərə malik olduğunu, təmas xəttində Azərbaycan Ordusunun üstünlüyünün daha da möhkəmləndiyini söylədi. O, həmçinin son günlər Ermənistanın törətdiyi bu təxribata beynəlxalq təşkilatların münasibətindən də söz açdı.
Tədbirdə çıxış edən “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycanın igid, cəsur oğulları və qeyrətli qızlarının həmişə vətənpərvər olduğunu, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına vermədiyini, Vətən naminə canlarını qurban verməkdən çəkinmədiyini söylədilər.
Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda böyüməsi və tərbiyə alması istiqamətində görülən işlərə, tədbirin  yüksək təşkilatçılığına və dəstəyə görə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova xatirə plaketini təqdim etdi.
Eyni zamanda şəhid Vəliyev Rəhim Allahverdi oğlunun həyat yoldaşı Nəcibə Vəliyeva “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə”, Qarabağ müharibəsi veteranı Heydər Rəhimov “Vətən uğrunda xidmətlərinə görə”, 220 saylı məktəb-liseyin hərbi müəllimi Mübariz Məmmədov “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində və hərbi vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə görə və 201 saylı məktəbin 11c sinif şagirdi Rəfi Tağızadə “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyətlərinə görə” mükafatlandırıldılar.
Tədbirə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışı ilə yekun vuruldu.

Keçidlər