“Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu” mövzusunda geniş tədbir təşkil edilmişdir
26 noyabrda 61 №-li məktəbdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu” mövzusunda geniş tədbir təşkil edilmişdir.
Tədbirdə yaşlı nəslin, ictimai birliklərin nümayəndələri, məktəb direktorları, müəllim, şagird və valideyn kollektivləri iştirak etmişlər.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, rayon məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində müntəzəm olaraq ailədə və cəmiyyətdə milli dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənc nəslin yaşlı nəslə hörmət və məhəbbət ruhunda tərbiyə olunması, ahıllara diqqət və qayğı göstərilməsi istiqamətində müxtəlif tədbirlər təşkil edilir. Artıq bir neçə aydır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən belə bir aksiyanın keçirilməsinə start verilmişdir.
Tədbirin açılşından sonra iştirakçılar məktəbin foyesində rayon məktəblilərinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxmışlar.
Həmçinin yaşlı nəslin nümayəndələrinin iştirakı ilə əl işi (xalçaçılıq, toxuculuq, tikmə, ağacoyma), rəssamlıq, bədii qiraət, rəqs, nağara çalğı aləti üzrə uşaq və gənclər üçün ustad dərslər keçirilmişdir.
Tədbirə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs ansamblının ifasında milli rəqs nümunələrinin təqdimatı ilə yekun vurulmuşdur.
Sonda tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən hazırlanmış “Yaşlılara hörmət və qayğı təlimatları” adlı buklet paylanılmışdır.