Nizami rayonunda şəhid Dadaşov Tural Sabir oğlu ilə vida mərasimi keçirilmişdir
09 aprel 2016 | 16:00
Ermənistan silahlı qüvvələrinin aprel ayının 2-dən təmas xəttində növbəti silahlı təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun əsgəri, Nizami rayon sakini 1993-cü il təvəllüd Dadaşov Tural Sabir oğlu Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
09 aprel 2016-cı il tarixində Milli Ordunun igid əsgəri, şəhid Dadaşov Tural Sabir oğlunun cənazəsi Şərifli küçəsi 104 ünvanın qarşısında böyük izdiham və insan yürüşü ilə Vətən uğurunda şüarlarla, alqışlara son mənzilə yola salınmışdı.
Şəhidin dəfn mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Rövnəq Abdullayev, Sədaqət Vəliyeva, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyəti, gənclər və şəhidin ailə üzvləri iştirak etmişlər.
Əsgər Dadaşov Tural Sabir oğlu yaylım atəşləri altında Suraxanı rayonu Qaraçuxur kənd qəbiristanlığında torpağa tapşırıldı. Şəhidin cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin atası Sabir Dadaşova təqdim edildi.